Artım əsasən sosial, iqtisadi və hərbi sahədə xərclərə yönəldiləcək. Hərbi xərclərin isə 32 faiz artırılacağı gözlənilir.
Azərbaycanın baş maliyyə sənədi olan Dövlət Büdcəsi növbəti dəfə artırılır. “2008-ci ilin Dövlət Büdcəsinə dəyişiklik haqqında” qanun layihəsi artıq Milli Məclisə (MM) daxil olub. Bu barədə Milli Məclisin üzvü Zahid Oruc məlumat verib. Onun sözlərinə görə, 2008-ci ilin Dövlət Büdcəsinə nəzərdə tutulan dəyişikliklərlə bağlı sənəddə büdcə gəlirlərinin yeni illik proqnozu 12,7, xərcləri isə 13 milyard ABŞ dolları səviyyəsində əksini tapıb.
Millət vəkili büdcəyə ediləcək dəyişikliklərdə əsas diqqətin sosial, iqtisadi və hərbi sahədə xərclərin artırılmasına yönəldildiyini bildirib. O, layihənin may ayının 2-də MM-in plenar iclasında müzakirə olunacağını və bu iclasda həmçinin 2007-ci ilin Dövlət Büdcəsinin icrası ilə bağlı hesabatın dinlənəcəyini də deyib.
Yeni dəyişikliyə əsasən, respublikanın builki hərbi xərclərinin 320 milyon manatadək (32 faiz) artırılacağı gözlənilir. Z. Oruc APA-ya açıqlamasında builki Dövlət Büdcəsinə ediləcək dəyişikliklər nəticəsində hərbi xərclərin hazırkı 1,019 milyard manatdan 1,344 milyard manatadək artırılmasının gözlənildiyini də vurğulayıb. Onun sözlərinə görə, bu vəsaitlərin müdafiə qüvvələrinə, milli təhlükəsizlik sektoruna, müdafiə və təhlükəsizlik sahələrində təhqiqatlara yönəldilməsi nəzərdə tutulur. Belə ki, həmin vəsaitdən 1 263,531 milyon manat bilavasitə müdafiə qüvvələrinə, 75 milyon manat milli təhlükəsizlik sektoruna, 2,686 milyon manat müdafiə və təhlükəsizlik sahələrindəki təhqiqatlara, o cümlədən 1,816 milyon manat digər kateqoriyalara aid olunmayan xərclərə yönəldiləcək.
Z. Oruc hərbi xərclərin artırılmasını bütövlükdə ölkədə büdcənin artımı fonunda baş verdiyini deyib və bildirib ki, hərbi xərclər ümumi büdcə artımını heç bir halda qabaqlamır: “Bunu Azərbaycanın militaristləşdirmə siyasəti aparması kimi başa düşmək düzgün deyil. Militaristləşdirmə siyasəti ümumi daxili məhsulun 2 faizdən çoxunun hərbi məqsədlərə ayrılmasıdır. Bizdə isə bu rəqəmlər kifayət qədər aşağıdır”.
Müstəqil ekspert Vüqar Bayramov “Zaman”a açıqlamasında büdcəyə dəyişikliklər edilməsinin hələ ötən ilin sonlarından gündəmdə olduğunu söyləyib: “Büdcə layihəsi müzakirə olunanda neftin bir barelinin dünya bazarındakı qiyməti 50 dollar ətrafında idi. Hazırda isə bu rəqəm 120 dollara yaxındır. Nəzərə alsaq ki, Dövlət Büdcəsinin 58 faizi neftdən əldə edilən gəlirlər hesabına formalaşır, neftin qiymətinin artması da büdcədə müvafiq dəyişikliklər aparılmasını zəruri edir”, - deyə o bildirib. Ekspertin fikrincə, əlavə gəlirlərin sosial layihələrin gerçəkləşdirilməsinə yönləndirilməsi daha məqsədəuyğundur. “Hesablamalara görə, sovet banklarında qalan əmanətlərin ümumi məbləği 900 milyon dollardan çox deyil. Hazırda bu əmanətləri qaytarmaq üçün kifayət qədər real imkanlar var”, - deyən V. Bayramov sözügedən əmanətlərin bu ilin avqust ayından etibarən qaytarılmasını mümkün hesab edir.
Ekspertin digər təklifi isə ipoteka kreditləri ilə bağlıdır. Onun sözlərinə görə, büdcəyə daxil olacaq əlavə gəlirlər hesabına həm adi ipotekanın verilməsini bərpa etmək, həm də ipoteka üçün ayrılmış 35 milyon manatlıq büdcəni daha da artırmaq mümkündür. Bundan başqa, o, mənzilə ehtiyacı olan əhalinin aztəminatlı təbəqəsi üçün şəhərciklərin salınmasını da təklif edib: “Onlara Dövlət Büdcəsindən uzunmüddətli və aşağı faizlə kreditlər verilə bilər”.
V. Bayramov maaş və pensiyaların artırılmasını da zəruri hesab edir. O, son günlərdə ölkədə baş verən bahalaşmanın əhali üzərindəki mənfi təsirini azaltmaq üçün maaş və pensiyaların daha çox artırılmasının vacibliyini vurğulayıb.
“Əlavə gəlirlər əmanətlərin qaytarılmasına sərf edilə bilər”
Müstəqil ekspert Vüqar Bayramovun fikrincə, büdcəyə daxil olacaq əlavə vəsaitlər sovet dövründə banklara qoyulmuş əmanətlərin qaytarılmasına sərf edilə bilər: “Hesablamalara görə, sovet banklarında qalan əmanətlərin ümumi məbləği 900 milyon dollardan çox deyil. Hazırda bu əmanətləri qaytarmaq üçün kifayət qədər real imkanlar var”.
Dövlət Büdcəsinə dəyişikliklərlə bağlı qısa məlumat
Cari ilin Dövlət Büdcəsinə nəzərdə tutulan dəyişikliklərlə bağlı sənəddə büdcə gəlirlərinin yeni illik proqnozu 12,7 milyard, xərcləri isə 13 milyard ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Azərbaycanın 2008-ci il üçün Dövlət Büdcəsinin gəlirləri 7,383 milyard manat (8,895 milyard dollar), xərcləri isə 8,509 milyard manat (10,252 milyard dollar), büdcə kəsiri isə 1,126 milyard manat həcmində təsdiqlənib. Yeni dəyişikliklər təsdiqlənəcəyi təqdirdə, Azərbaycanın cari ilin büdcə gəlirləri təxminən 43 faiz, xərcləri isə 26 faiz artacaq. 2008-ci il üçün nəzərdə tutulan icmal büdcənin gəlirləri 10,508 milyard manat (12,660 milyard dollar), xərcləri isə 10,184 milyard manat (12,270 milyard dollar) həcmində təsdiqlənib.
هیچ نظری موجود نیست:
ارسال یک نظر