۱۳۸۷ اردیبهشت ۳, سه‌شنبه

Çarlz Kinq: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın inkişafı qarşısında ən böyük təhlükə olaraq qalır”

Vaşinqton. Hüsniyyə Həsənova-APA. Corctaun Universitetinin Balkanlar və Qafqaz regionu üzrə mütəxəssisi Çarlz Kinqin APA-ya müsahibəsi



- NATO-nun Buxarest sammiti artıq başa çatıb. Hərbi alyansa üzv olmaq ideyası dəstəklənən Gürcüstan və Ukrayna cəmiyyətlərindən fərqli olaraq Azərbaycan ictimaiyyətində bu quruma üzvlüklə bağlı qəti mövqe müşahidə olunmur. Azərbaycanın NATO-ya üzv olmaq perspektivləri və bu amilin Dağlıq Qarabağ münaqişəsinə təsiri barədə nə deyə bilərsiniz?
- NATO aydın şəkildə bəyan edib ki, daxili konfliktlərin həll olunması və qonşularla mehriban qonşuluq münasibətlərin təmin edilməsi quruma üzvlüyün əsas meyarlarından biridir. ABŞ Gürcüstanın hərbi bloka faktiki üzvlüyünü dəstəkləyir. Lakin bu dəstək daha çox Gürcüstanın NATO standartlarına cavab verməsi ilə deyil, Ağ Evin Gürcüstanda olan strateji maraqları ilə izah olunur. Bu məsələyə Rumıniyanın timsalında baxmaq daha düzgün olardı. Yalnız Rumıniya ilə Macarıstan arasında qarşılıqlı ərazi iddialarının olmamağı haqqında və ikitərəfli əməkdaşlığın inkişafını təmin edən müqavilə imzalanandan sonra rəsmi Buxarestin NATO-ya üzv olmasına razılıq verildi. Mənə elə gəlir ki, əgər adı çəkilən qurum Şərqə daha da genişlənmək qərarı versə, eyni məntiq yeni üzv ölkələrə də şamil olunacaq.
- Siz Balkan və Qafqaz üzrə tanınmış mütəxəssislərdən birisiniz. “Azadlığın Ruhu: Qafqazın tarixi” kitabınız da bizim regiona həsr olunub. Beynəlxalq ictimaiyyət serblərin Kosovo sakinlərinə qarşı apardığı etnik təmizləmə siyasətini, mülkü şəxslərin kütləvi soyqırımını dayandırmaq üçün hərbi əməliyyata dəstək verdi. Lakin həmin beynəlxalq aləm silahlı erməni birləşmələrinin Dağlıq Qarabağda eyni məzmunlu hərəkətlərinə diqqətsiz qaldı. Bu gün ermənilər Azərbaycanın 20 faiz torpağını işğal etməklə yanaşı, Kosovo məsələsindən presedent kimi bəhrələnmək istəyirlər...
- Balkanlarda baş verən münaqişə bir neçə Avropa dövlətinə bir başa təhlükə yaratmışdı. Bu, həm qaçqınlar ordusunun Avropa Birliyi ölkələrinin sərhədlərinə yaxınlaşması, həm də NATO-nun ənənəvi əməliyyat zonalarında silahlı münaqişənin yaranması baxımından ciddi təhlükə idi. Qafqaz bu və digər səbəbə görə uzun müddət Avropa Birliyi və NATO-nun birbaşa maraq zonası kimi qəbul olunmurdu. Lakin qeyd olunan hər iki qurum öz təhlükəsizlik maraqlarını yenidən qiymətləndirdiyi və Şərqə genişlənmək planlarını müzakirə etdiyi bir vaxtda Qafqaz onların diqqət mərkəzinə çevrilir. Mənə elə gəlir ki, Balkanlarda baş verən hadisələrdən hər hansı konkret nəticənin çıxarılması səhv olardı. Kosovo məsələsində beynəlxalq ictimaiyyət kosovoluların ayrılmaq tələbini dəstəklədiyi halda, Bosniya və Xorvatiyanın (xüsusən Krayna Serb Respublikasının misalında) ərazi bütövlüyünün təmin edilməsini tələb etdi. Ona görə də bəzilərinin Balkan münaqişələrindən çıxara biləcəyi presedent ən yaxşı halda qeyri-müəyyəndir.
- Martın 20-də Corctaun Universitetində keçirilən ABŞ-Azərbaycan münasibətlərinə həsr olunmuş konfransın aparıcılarından biri oldunuz. Konfransın əsas mövzularında biri regionda Azərbaycana aid təhlükələrə həsr olunmuşdu. Rusiya, İran və həll olunmamış Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın Avropa institutlarına inteqrasiyasına nə dərəcə təhlükə yaradır? Sizcə dünyəvi dövlət və islam ölkəsi olan Azərbaycana kim daha çox təhlükə yaradır – Rusiya, yoxsa İran?
- Konfransda çıxış edənlərin bir çoxu fərqli mövqe nümayiş etdirirdilər. Ona görə də tədbir barədə birmənalı fikir səsləndirmək çətindir. Qənaətimə görə Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın inkişafı qarşısında ən böyük təhlükə olmaqda davam edir. Gürcüstan və Moldovada olan həll olunmamış konfliktlər kimi Azərbaycanın da bu problemi ölkənin gələcək inkişafında ciddi maneə ola bilər. Eyni zamanda Azərbaycan hökumətinin üzərinə düşən əsas vəzifə neft və qazdan əldə etdiyi gəlirləri regionda stabilliyi pozacaq militarizasiya prosesinə sərf etməməkdir. Dağlıq Qarabağ uğrunda başlayacaq müharibə bütün Cənubi Qafqaz üçün fəlakətə çevriləcək və regionun Avroatlantik məkana daxil olmaq istəyən ölkələrinə maneə olacaq.

هیچ نظری موجود نیست: