۱۳۸۷ اردیبهشت ۱۰, سه‌شنبه

Buş erməniləri yenə məyus etdi

Buşun yenidən “soyqırımı” ifadəsini işlətməməsi ermənilər tərəfindən böyük məyusluqla və ümidsizliklə qarşılanıb.

Qərbdəki bəzi türk düşməni olan ölkələrin maliyyə yardımı və siyasi dəstəyi ilə ötən əsrin 70-ci illərindən başlayaraq, uydurma soyqırımı iddialarını gündəmə gətirən erməni diaspor təşkilatlarının ABŞ-ı bu saxta oyuna qoşmaq cəhdləri, hələlik, bir nəticə vermir. Buna baxmayaraq, erməni lobbisi və Ermənistan Ağ Evin qondarma soyqırımını tanıması üçün müxtəlif səylərə baş vurmaqda davam edirlər. Bu baxımdan Ermənistan hökuməti və ABŞ-dakı erməni lobbisi aprelin 24-də Prezident Corc Buşun 1915-ci il hadisələri ilə bağlı ənənəvi müraciətində “erməni soyqırımı” ifadəsini işlədəcəyinə ümid edirdilər. Lakin onların bu ümidləri növbəti dəfə boşa çıxıb. Belə ki, Buş Osmanlı dövlətinin son dövrlərində ermənilərin köçürülməsi zamanı baş verən ölüm hadisələrini 20-ci əsrin “böyük insan faciəsi” adlandıraraq, “soyqırımı” ifadəsini bu dəfə də işlətməyib. Bunun əvəzində Buş Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları müsbət qiymətləndirib. Buş həmçinin Ermənistan hökumətinin demokratiyanın inkişafı istiqamətində addımlar atacağına ümid etdiyini deyib. O, Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə nizamlanmasının vacibliyini söyləyərək, ölkəsinin bu prosesdə daha fəal iştirak edəcəyini bildirib.
Xatırladaq ki, Buş ABŞ-ın Ermənistandakı keçmiş səfirini də məhz “soyqırımı” ifadəsini işlətdiyi üçün geri çağırmışdı. Buşun yenidən “soyqırımı” ifadəsini işlətməməsi ermənilər tərəfindən böyük məyusluqla və ümidsizliklə qarşılanıb. Erməni diaspor təşkilatları buna görə Ağ Ev rəhbərini kəskin tənqid etməyə başlayıblar. ABŞ-dakı Erməni Milli Konqresinin rəhbəri Aram Ambaryan Buşu prezident seçkiləri ərəfəsində “soyqırımı”nın tanınması ilə bağlı verdiyi vədi pozmaqda günahlandırıb. O deyib ki, prezidentliyi dövründə Buş “erməni soyqırımı”nın tanınması ilə bağlı nəinki hər hansı bir addım atmayıb, əksinə, buna hər vasitə ilə mane olub.
Əslində Buşun soyqırımı ifadəsini işlətməməsi təsadüfi deyil. İş orasındadır ki, həm Buş, həm də onun ətrafındakılar tarixdə “erməni soyqırımı” adlı bir hadisənin olmadığını və bunun Qərb tərəfindən Türkiyəyə təzyiq vasitəsi kimi ortaya atıldığını yaxşı bilirlər. Bundan əlavə, Türkiyənin bölgədə uzun illər boyu ABŞ-ın ən yaxın müttəfiqi olduğunu nəzərə alanda Vaşinqton qondarma soyqırımını gündəmə gətirməklə Ankara ilə münasibətləri korlamaq istəmir. Siyasi müşahidəçilərin fikrincə, ermənilərin bütün səylərinə baxmayaraq, yaxın illərdə ABŞ-ın “soyqırımı”nı tanıyacağı inandırıcı görünmür.
ABŞ-da yaşayan ermənilərin qarşıdan gələn prezident seçkilərində “soyqırımı”nı tanıyacaq namizədə səs verəcəklərini bildirmələrinə gəlincə, bu amil çətin ki, onların köməyinə gəlsin. Son illərdə ABŞ-dakı Türkiyə və Azərbaycan diasporları xeyli fəallaşıblar və onlar artıq Respublikaçılar Partiyasının namizədi Makkeynə səs verəcəklərini bildiriblər.

هیچ نظری موجود نیست: